Bütün yollar Bakıya dönür... Bakıdan isə Zəngəzura! | Ədalət Verdiyevin yazısı

   Bütün yollar Bakıya dönür... Bakıdan isə Zəngəzura!    | Ədalət Verdiyevin yazısı
  30 Aprel 2025    Oxunub:599
İran prezidenti Məsud Pezeşkianın səfəri zamanı Azərbaycan xalqının hüquqlarına hörmət edilməsi, Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın sahib haqqı çatan əraziləri barədə bəyanatı Ermənistanın dalana dirəndiyi bir daha nümayiş etdirdi. İran İslam Respublikasının prezidenti "Artsax" və oranı könüllü tərk edən ermənilər barədə bir kəlmə də işlətmədi. Əvvəllər İranın "qırmızı xətti" olan məsələlər də arxa planda qaldı. Beləliklə, rəsmi Tehranın mövqeyindəki dəyişikliklər aşkar şəkildə müşahidə olunur.
Şəhid Rəcai limanında baş verən partlayışla bağlı ölkəsində matəm elan olunması İran prezidentinin Bakıya səfərinə mane ola bilməmişdi. Səfərdən bir gün əvvəl dərc olunan rəsmi məlumatlarda deyilirdi ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu edən Yasin Hüseynzadəyə qarşı hökmün icrası ilə bağlı hazırlıq prosedurları başa çatıb. Bu faktlar göstərir ki, Tehran Bakı ilə əlaqələrin sıxlaşmasında həm çox istəklidir, həm də tələsir. Bu tələskənlik, böyük ehtimalla, İsrailin baş naziri Netanyahunun mayın 8-də Bakıya gözlənilən səfərilə bağlıdır. Görünür, İran İsrail ilə münasibətlərin normallaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevdən yaxşı vasitəçi tapa bilməyib.

İsrailin baş nazirindən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Türkiyə mənbələri xəbər verir ki, Ərdoğan ikitərəfli hökumətlərarası komissiyanın dördüncü birgə iclasında iştirak etməyə gələcək. Amma iclasda iştirak etmək, təbii ki, Azərbaycan və Türkiyə prezidentlərinin digər məsələləri müzakirə etmələrinə mane olmur.

Beləliklə, İran-İsrail, İran-ABŞ, Türkiyə-İsrail, İsrail-Suriya və s. gərgin münasibətlərin aydınlaşdırılması üçün Bakı alternativi olmayan platformadır. İran mövcud vəziyyətdə Azərbaycanın imkanlarından istifadə etməyə çalışır. Tehran üçün Ermənistanın əhəmiyyəti getdikcə azalır. Proses bir qədər də sürətlənəcək.

Ermənistan regional sülhə təhdid yaradan ölkə olduğu halda, Azərbaycan qlobal təhlükəsizlik və əməkdaşlıq üçün alternativsiz məkana çevrilirsə, İran da doğru qərar qəbul etmək və işğalçılıq tarixinə malik Ermənistandan bir qədər aralanmaq məcburiyyətindədir. Bu gün bir çox nüvə dövlətlərini və inkişaf etmiş ölkələri narahat edən problemlərin həlli yolları məhz Azərbaycanda İlham Əliyevin iştirakı ilə müzakirə olunur.

Azərbaycan dost, müttəfiq və ya qonşu ölkələri bir araya gətirmək, onların arasındakı fikir ayrılıqlarını danışıqlar masası ətrafında müzakirə edib, tərəfləri qane edəcək qərarların qəbulu üçün daim çalışıb, çalışır və çalışacaq. Yəqin ki, Rusiya və NATO generallarının Bakıdakı görüşlərini hamı yaxşı xatırlayır. Bir neçə gün əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirildi. Həmin görüşdə Suriyada tərəflər arasında toqquşmaların qarşısının alınması mexanizminin yaradılması geniş müzakirə olundu. Vaxtilə bütün məsələlərdə Ermənistanı dəstəkləyən Suriyanın taleyi bu gün Azərbaycanda müzakirə olunur. İlham Əliyevin apardığı ardıcıl siyasət həm Azərbaycanı yeni əsrin tək qalib ölkəsinə, həm də regional gücdən "orta güc" dövlətinə çevirdi.

21-ci əsrin tək fərari dövləti olan Ermənistanın isə Azərbaycanın artan nüfuzunun qarşısını almaq üçün heç bir real mexanizmi mövcud deyil. Odur ki, silahlanmaq və atəşkəsi pozmaq əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Zəngəzur dəhlizini açmalıdır. Araz dəhlizi ilə paralel maneəsiz Zəngəzur dəhlizi də açıq olmalıdır. Əks halda Zəngəzur dəhliz Zəngilandan deyil, tamam başqa bir ərazidən - məsələn Kəlbəcərdən və ya Laçından açıla bilər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Diplomatiya   Geosiyasət  





Xəbər lenti